25
Ekim
2020
18:32
88
36
51

“İctimai Xəbər Agentliyi” Ağdamdan məcburi köçkün, Göyçay rayonu 1N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytəkin Əliyevanın Prezidentə minnətdarlıq məktubunu təqdim edir

“İctimai Xəbər Agentliyi” Ağdamdan məcburi köçkün, Göyçay rayonu 1N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytəkin Əliyevanın Prezidentə minnətdarlıq məktubunu təqdim edirCənab Prezidentimiz,
Sentyabrın 27-də mənfur ermənilərin Azərbaycana qarşı yeni torpaqlar uğrunda yeni plana uyğun geniş miqyaslı hərbi müdaxiləsi onların işğalçı xislətlərini bir daha aydın göstərdi. Əlbəttə, xalq bilir ki, bu hərbi müdaxilənin əsas məqsədi Azərbaycan torpaqlarını işğal etməklə Böyük Ermənistan yaratmaq, törətdikləri vəhşiliklərlə xalqımızın gözünü qorxutmaq idi. Məhz Sizin uzaqgörən və müdrik siyasətiniz, Ali baş Komandan kimi cəsarətli qərarlarınızın nəticəsində onlar nəinki bu planı yerinə yetirə bilmədi, hətta el dilincə desək, "qazdıqları quyuya özləri düşdü". Öz böyük havadarlarına güvənən ermənilər torpaqlarımıza hücum zamanı güclü Azərbaycan Ordusu və vətənləri uğrunda göz qırpmadan, savaşa gülə-gülə gedən əsgərlərlə rastlaşdılar, gün-gündən tutduqları mövqelərini itirməyə başladılar. Güclü Milli Ordumuzun qarşısında davam gətirməyən ermənilər xislətlərinə uyğun terrora, hərbi cinayətə əl atdılar. Gəncədə iki dəfə dinc əhalinin yaşadığı yerləri qadağan olunmuş raketlərlə vuran ermənilərin məqsədi xalqda vahimə, təlaş yaratmaq, Sizi haqq yolunuzdan çəkindirmək, savaşın sərhəddini genişləndirmək idi. Lakin onların bu planı da həyata keçmədi. Sizin ağıla, məntiqə, haqqa, ədalətə söykənən qərarlarınız, qətiyyətiniz Paşinyanı və onun havadarlarını çaşdırdı.
Cənab Prezident,
Terrorist xislətli ermənilərlə apardığınız Vətən müharibəsində xalq hər zaman Sizinlədir. Bilirik ki, müharibədə qəti qələbə çalmağın iki yolu varsa, bunun birincisi güclü Milli Orduya, uzaqgörən Ali Baş Komandana malik olmaq, ikincisi isə xalqın öz Liderinin ətrafında sıx birləşməsidir. Biz xoşbəxt xalqıq ki, hər iki yola sahibik. Fəxr edirik ki, Sizin kimi nəyin nə zaman ediləcəyini bilən Liderimiz var.
Cənab Prezident,
Bu günlər, Vətənin çətin zamanında Azərbaycanın bütün vətəndaşları unudulmaz şairimiz Səməd Vurğunun məşhur;
"Bilsin ana torpaq , eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən" kəlamını tez-tez xatırlayır, Vətən qarşısında borcunu yerinə yetirmək üçün özünü müsəlləh əsgər sayır. Hər bir kəs, necə deyərlər, öz səngərində ayıq-sayıq dayanıb, Sizin verdiyiniz qərarları dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib.
Biz Ağdamdan məcburi köçkün altı müəllim bacı həm gənclərdə, həm də şagirdlərdə hərbi vətənpərvərlik hissini artırmaq, həmçinin təbliğat və təşviqat işini gücləndirmək üçün əlimizdən gələni əsirgəmir, az da olsa Vətənimizə, Sizin haqq işinizə kömək olmağa çalışırıq.

Cənab Prezident,
Siz Vətən müharibəsini az itkilərlə, sülhlə sonlandırmaq istəsəniz də təəssüflər olsun ki, hər dəfə ermənilərin terrorist xislətli rəhbəri buna imkan vermir. Amma artıq Sizin cəsarətli qərarlarınızla Azərbaycan Ordusu düşmənlərimizi geri çəkilməyə məcbur edir, onları bizim torpaqlardan qovurlar. Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin, onlarla kəndlərimizin, yüksəkliklərimizin, Füzuli və Zəngilan rayonlarının işğaldan azad olunması buna bariz sübutdur. Bu uğurlar bizi olduqca çox sevindirir. Hər gün Ağdama doğma ata-baba yurdumuza dönəcəyimiz günün xəyalı ilə yaşayır və qürurlanırıq. 30 ildən sonra bizə bu gözəl sevinc hisslərini qaytardığınız üçün Sizə minnətdarlığımız sonsuzdur.
Sizin uzun illər apardığınız daxili və xarici siyasətiniz, yüksək tribunalardan Qarabağ həqiqətlərini gündəmə gətirməyiniz, böyük dövlətləri Azərbaycanın haqq işinə inandırmaq üçün tutarlı faktlarla bol çıxışlarınız həm xalqımızın, həm də Milli Ordumuzun qələbəyə inamını daha da artırdı. Bu gün xalq sizin çıxışlarınızı böyük səbrsizliklə gözləyir. Sizin qəhrəman sərkərdələrə məxsus cəsarətli çıxışlarınızda işlətdiyiniz söz və cümlələri, jest və mimikaları uşaqdan böyüyə hamı əzbər bilir. Çünki Sizin səsiniz xalqın səsidir, Sizin sözləriniz xalqın demək istədiyi sözlərdir. Nahaq yerə deməyiblər ki, xalqa söykənən, dağa söykənər. Belə insanlar heç zaman məğlub olmurlar; Sizin kimi!
Biz Sizinlə qürur duyuruq, Ali Baş Komandanımız. Sizə minnətdarıq.
Nə yaxşı ki bizim Sizin kimi Liderimiz var!


Hörmətlə, Aytəkin Sabir qızı Əliyeva.
Ağdam rayonundan məcburi köçkün, Göyçay rayonu Ləkçılpaq 1 N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Digər Dünya xəbərləri