19
Ekim
2020
12:06
88
36
30

Byazinin eniş “zəfər”ləri

Byazinin eniş “zəfər”ləri











“Məqsədimiz “Millətlər liqası”nda qrupun qalibi olmaqdır. Bunu həyata keçirməyə çalışacağıq. Əlbəttə ki, asan olmayacaq. Amma özümüzü inandırmalıyıq ki, bunu edə bilərik. Azərbaycan millisini böyütməyə çalışacağıq”.
Bu sözləri yenicə Azərbaycan millisinə baş məşqçi təyin olunan Canni De Byazi 21.07.2020-ci il tarixdə Apasport.az saytına müsahibəsi zamanı demişdi.
Amma nədənsə qarşısına birinciliyi məqsəd qoyan, özündən başqa hamını buna inandıran Byazi seçmə mərhələdə dörd matçda nümayiş etdirdiyi oyun və topladığı 4 xalla yığmamızı böyütmək əvəzinə kiçiltməklə məşğuldur. Ən böyük faciə isə ondadır ki, nə AFFA, nə də futbol ictimaiyyəti göz qabağında olan nəticələrə görə italiyalıya güldən ağır söz də demir.
Vaxtiylə Şahin Diniyev yığmaya rəhbərlik etdiyi dönəmdə hamı onu seçmə mərhələdə olduqca zəif çıxış etməkdə, əsas da komandanın böyük hesablı məğlubiyyətlərə görə kəskin qınayırdı. Bunun nəticəsi kimi Bakıda Serbiya kollektivinə 1-6 hesablı məğlubiyyətdən sonra, seçmə mərhələnin bitməsini gözləməyərək Diniyevi istefaya yolladılar.
Tarixə ekskursiya etməklə Diniyevi göylərə qaldırmaq məqsədim yoxdur. Amma həqiqətləri gizlətməyə də haqqımız yoxdur. Bir il müddətində yığmamızın sükanı arxasına olan Karlos Alberto Torres ölkə çempionatı zamanı klublarımızın oyunlarını izləyərək milliyə daha layiqli futbolçuları çağırmaq əvəzinə ilin demək olar ki, hamısını öz vətənində karnavallarından, əyləncələrindən qalmayaraq, yalnız seçmə mərhələnin oyunlarına bir-iki həftə qalmış Azərbaycan adlı ölkənin yığma komandasının baş məşqçisi olduğu xatırlayan braziliyalıdan fərqli olaraq Diniyev çempionat oyunlarının hamısını izləyər, millinin təlim-məşq toplanışına daha hazırlıqlı futbolçuları dəvət edərdi. Məhz Diniyevin zamanında Vaqif Cavadov, Elvin Məmmədov, Vüqar Nadirov kimi gənc, perspektivli futbolçular millidə parladı.
Diniyevi yola saldıqdan sonra AFFA yenidən əcnəbi məşqçiləri gül-çiçəklə qarşılama mərasimləri davam etdirildi. Foqts, Prosnieçki də “olimp zəfərləri” əldə edə bilməyəndə bütün nəzərlər ölkənin bir nömrəli yerli məşqçisi Qurban Qurbanov üzərində fokslandı. 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrınadək milliyə rəhbərlik edən Qurban müəllim seçmə mərhələdə yalnız güclü Kosovo millisinə səfərdə məğlub olmaqla qrup ikincisi oldu. Lakin “uzaqgörən” AFFA rəhbərliyi ölkənin bir nömrəli məşqçisini “nəticə hasil edə bilməyən mütəxəsis” damğasıyla Diniyevin sırasına qatdı.
“Everest zirvəsi”ni fəth etmək xəyalına düşən AFFA rəhbərliyi baş məşqçi kimi təcrübəsi olmayan Nikola Yurçeviçi millinin sükanı arxasına gətirdi. Sonuncu nümayiş etdirdiyi məşqçi “bacarığıyla” ölkəmizə gəlib-getmiş bütün əcnəbi məşqçilərin ölənlərinə “rəhmət” oxutdu. Xorvatiyalı seçmə mərhələdə güclə bir xal toplamaqla AFFA-ın bütün ümidlərini ruslar demiş “pux i prax” etdi. Bir haldakı əcnəbiləri gətirməklə yığmanın oyunlarında yaradıcılıq, inkişaf və matç sonunda tablodakı rəqəmlər xeyrimizə olmayacaqdısa, da yerli məşqçilərimizi niyə gözüm çıxdıya salmalıydıq?! Eləcə də yığmanın sükanı arxasında mütləq əcnəbi baş məşqçi olmalıydısa o zaman Foqts və ya Prosnieçkinin vəzifələrində saxlanılması daha məntiqli olmazdımı?! Yurçeviç-Byazi dən fərqli olaraq adları çəkilən əcnəbilərin rəhbərliyi altında milli daha baxımlı oyun sərgiləyib və daha çox xal toplamışdı.
İtaliyalının rəhbərliyi altında yığma Kipr səfərindən qələbəylə qayıdanda bu uğurun davamlı olacağına şübhə edirdim, baxmayaraq çoxları artıq Byazini bizə böyük zəfərlər qazandıracaq “Sezar” hesab edirdi. Seçmə mərhələnin son iki oyunu göstərdi ki, Byazinin “sezarlığ”ı yığmanı tərəqqi əvəzinə, tənəzzülə doğru aparır. Monteneqro ilə oyunda qolların buraxılması, məğlubiyyət sırf kobud səhvlərdən dolayı oldu. Ev sahibi olan rəqib heç də üstün oyunu ilə deyil, səhvlərimiz sayəsində qalib gəldi. Həmin oyunda futbolçularımız sanki meydana ayaq basmaq üçün çıxmışdılar. Kiprlə oyunda da milli gözoxşayan oyun göstərə bilmədi. Nikosiyada məğlub etdiyimiz komanda son oyunda bizdən xal qopara bildi. Hansı ki, bu oyunda millimiz qrupdan çıxmaq şansını saxlamaq üçün mütləq qələbə qazanmalıydı.
“Tobol” klubundan ayrıldıqdan sonra oyun praktikasından əziyyət çəkən, “Qarabağ”da da yetərincə şans qazanmayan Emil Balayevi üç oyunda start heyətdə yer verilməsinə nə zərurət vardı, bir haldakı Şahruddin Məhəmmədəliyev daha yaxşı formada olarkən?! Məhz Balayevin oyun praktikasızlığı qollar buraxılmasında öz sözünü dedi. Futbolçu nə qədər təcrübəli olursa-olsun oyun praktikası yoxdursa onu start heyətdə oynatmaq böyük riskdir. Bir müqayəsini qeyd etmək yerinə düşər. 34 yaşlı Kamran Ağayev qolkiper olaraq millinin toplanışına dəvət olunan hər üç, həmçinin çempionatımızda çıxış edən əlcək sahiblərinin hər birindən daha təcrübəlidir. İki il klubsuz qalan K.Ağayev nəhayət ki, “Səbail”ə transfer olundu. Lakin klubun baş məşqçisi Aftandil Hacıyev mətbuata açıqlamasında israrla qeyd etdi: “Kamran təcrübəli qolkiper olsa da, uzun müddətdir oynamadığından əvvəlki formasından çox uzaqdır həm də artıq çəki yığıb. Onun qapı xəttində yer alması üçün hələ çox məşq etməlidir”.
Gənc yerli məşqçimiz futbolun sadə həqiqətini dərk edərək daha hazırlıqlı qapıçını meydana buraxdığı halda, Byazi öz “romantika”sıyla heyət qurur.
İtaliyalı “mütəxəsis” çıxışlarında dəfələrlə qeyd edir ki, “mənim üçün əsas nəticə və onu qoruyub saxlamaqdır, ona görə beşli müdafiə xəttinə üstünlük verirəm”. Oyunlar isə göstərdi ki, beşli müdafiə xətti millimizə yaxşı yox, mənfi nəticələr qazandırır. Yurçeviçin vaxtında müdafiə xətti necə bərbadıydısa, indi də elədir. Beş müdafiəçi əvəzinə orta sahədə həmin sayda yarımmüdafiəçi (onlardan üçü dayaq yarımmüdafiəçisi olmaqla) oynatmaqla istər rəqibin özlərinə aid hissəsində, istərsə də meydanın mərkəzində daha çox pressinq tətbiq etməklə müdafiənin üzərinə düşən ağır təzyiqi müəyyən qədər azaltmaq olardı. Müdafiə daim təzyiq altındadırsa səhvlər, qol buraxmalar, məğlubiyyət şansı olduqca yüksək, bəzən isə qaçılmazdır.
Byazi fiaskolarına haqq qazandırmaq üçün “mən yalnız yerli çempionatda çıxış edən futbolçuların xidmətindən yararlanıram. Albaniyadakı kimi sərəncamımda başqa ölkələrdə oynayan və fərqli təcrübəsi olan oyunçular yoxdur” deyir.
Məgər ABŞ-da oynayan, kifayət qədər də özünü yaxşı tərəfdən göstərən Rüfət Dadaşovu, eləcə də üzlərinə millinin qapıları hələ də bağlı qalan Fərid Nəbiyev, Arzuman Rizvanov, Nurlan Novruzov, Dmitri Nağıyev, Amit Quluzadə, Nicat Qurbanov, Fuad Bayramov kimi az saylı legionerlərimizin xidmətindən niyə istifadə etmir?! Hər halda adları çəkilən futbolçular Eddi İsrafilov, Dmitri Nazarov kimi millidə oynamağa ağız büzənlərdən daha çox fayda verərlər. Həmçinin millinin seleksiyaçıları xaricdə oynayan azərbaycanlı futbolçuları axtarıb tapmaq üçün niyə məşğul olmur?!
Başda AFFA olmaqla bütün futbol ictimaiyyəti dərk etməlidir ki, ölkənin bir nömrəli komandasında oynamağı özü üçün şərəf yox, maddi qazanc götürmək üçün alışıb yanan ünsürlərə Azərbaycan pasportunu peşkəş edib milliyə sırımamalıdır!
1.5 il ərzində Byazi və onun köməkçilərinə 900 min avro+bonuslar xəcləmək əvəzinə həmin məbləğin yarısı müqabilində yerli mütəxəsislərimizi millinin sükanı arxasına gətirmək olmazdımı?!
Məgər U-15, U-16 yaş millilərimizdə baş məşqçi, Berti Foqtsun zamanında A milli komandamızda köməkçi işləmiş Aslan Kərimov, “Qəbələ” klubunun U-19 kollektivinə rəhbərlik edərək Avroliqanın “Gənclər liqası”nda uğurlu çıxışı ilə diqqət çəkən, hal-hazırda isə U-19 millimizin baş məşqçisi olan Emin İmaməliyev, ölkə çempionatında “Neftçi” və “Keşlə” klublarında uğurlar qazanan Tərlan Əhmədov kimi futbolçularımızın bacarıq-qabiliyyətlərinə yaxından bələd olan yerli məşqçilər nə vaxta kimi ofsaytda qalacaqlar?!
Azərbaycan futbol ictimaiyyəti dünyada öz qeyri-adi reklam menecerliyi və səmərəsiz şəxslərə, işlərə milyonlarla kapital yatırmağıyla diqqət çəkir. Belə ki, ya futbolçu kimi dünya ulduzu olmuş, amma məşqçi kimi son dərəcə bacarıqsız yaxud nə futbolçu, nə də məşqçi kimi heç bir uğuru olmayan şəxsləri yığmanın sükanı arxasına gətirərək onları məşhurlaşdırır, ya da yaşı keçmiş, çəki yığmış məşhur futbolçuları klublarımıza transfer etməklə məşğul olduqları halda, uşaq futbolunun inkişafına və futbolçularımızın xarici klublara keçidinə qətiyyən maraq göstərməz.
Dediklərimə bariz nümunə kimi Karlos Alberto Torresi, Nikola Yurçeviçi, Emil Mpenzanı, Marat İzmayilovu, Maris Verpakovskini, Əhməd Dursunu, Maykl Esyeni göstərə bilərəm.
Byazi qeyd edir ki, “Azərbaycana pul üçün gəlməmişəm, ölkə futbolu üçün vacib işlər görmək, Azərbaycan xalqının bir parçası olmaq istəyirəm”.
Amma hələki yaşıl meydanda göstərdiyi “sərkərdəliyiylə” ölkəmizə populistcəsinə böyük zəfərlər vəd etməklə gəlib, fiaskolarla yola salınan həmkarlarının xələfləri olmaq yolunda uğurla irəliləyir.

Abdulla İsmayıloğlu
ixatv.az

Byazinin eniş “zəfər”ləri

Digər Dünya xəbərləri