05
Ekim
2020
18:48
88
36
16

Azərbaycan marşı

Azərbaycan marşı
Namiq Atabəyli

Azərbaycan marşı
Tarixə baxış gələcəyin açarıdır!
“Şirvanşahlar haqqında saqa” roman-epopeyamın Üçüncü Kitabı müasir siyasi şahmat taxtasının ən nəhəng fiquru: Ümumavrasiya Azadlıq Hərakatının lideri, qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana ithaf olunur...

Azəri xalqının öz Vətəninin ərazi bütövlüyü uğrunda işğalçı Ermənistan dövləti ilə azadlıq müharibəsi apardığı bu günlərdə bizə maddi-mənəvi dəstək olmuş qardaş ölkələrin- Türkiyə, İsrail, Pakistan, Ukrayna, Polşa, Liviya, Gürcüstan, Belorusiya, Estoniya və d.-nin sırasında Atatürk cümhuriyyətinin başda durması səbəbsiz deyildir.
“Şirvanşah Şeyx İbrahim Dərbəndi. Hökmdarlıq illəri” adlı tarixi romanımda XIV-XV əsrlərin mürəkkəb siyasi hadisələri və görkəmli dövlət xadimləri bədii təsvir edilmişdir. Bunlardan Osmalı padşahı Sultan İldırım Bəyazid, Məvarənnəhr Xaqanı Əmir Teymur, Moskva Böyük knyazı Dmitri Donskoy və oğlu Vasili Dmitriyeviç, Litva-Rus dövlətinin knyazı Olqred Qediminoviç, Qızıl Orda xanları Mamay və Toxtamış, Misir Məmlüklərinin “Dövlət-i ət-Türkiyə” sultanları Berkuk və oğlu Fərəc, nəhayət, əsrin və əsərin Baş qəhrəmanı Şirvanşah Şeyx İbrahim Dərbəndi misal çəkilə bilər. Nə üçün mən sonuncu ismi ayrıca qeyd etməyi vacib sayıram? Çünki Monqol-tatar Ordasının banisi Çingiz xanın imperiyasını yenidən bərpa etməyi qarşısına məqsəd qoymuş Əmir Teymurun, əsasən, Türk dövlətləri və xalqları üzərinə işğalçı yürüşləri ərzində yalnız bir türk dövləti bu müharibədən Zəfərlə çıxmışdır. Bu, Şirvanşahlar dövləti idi. 1382-ci ildə Şirvanda qeyri-türk bir xanədanlığın beş əsrlik ağalığına son qoyaraq Türk inqilabını gerçəkləşdirmiş Şirvanşah I İbrahim zora və işğala qarşı İnsan ağlının gücünü qoymuş və beləliklə öz əsrdaşları- şirvanlı sufi-şair Şeyx İmadəddin Nəsimi və osmanlı mövlana Əxi Evrenin İnsanlıq fəlsəfəsinə Zəfər çaldırmışdır.
Roma imperiyası, Xaş yürüşləri və inkvizisiya Avropasında milli dövlətçilik ideyasının yenicə baş qaldırdığı bir vaxtda Şirvan şahının Avrasiya məkanında ilk intibah xətti-hərəkatını başlatması bəşər zəkasının ilahi mahiyyətini və təntənəsini əks etdirirdi.
Bu gün qədim Şirvanşahların tarixi-coğrafi ərazisində yerləşmiş Azərbaycan Respublikası XI-XII əsrlərin varyaq-russ işğalçı yürüşlərinin invariantı sayıla biləcək bir müharibənin od-alovları içərisindədir.
Avrasiya geoməkanında Müstəqil Dövlətlər Birliyinin iki üzvü arasında gedən bu müharibədə işğalçı tərəf Rusiya Federasiyasının (RF) ən müasir silahlarını digər üzv ölkə üzərində tamamilə sakitcə sınaqdan keçirir... Raket zərbələri Gəncə, Şamaxı, Mingəçevir, Xızı şəhərinin dinc əhalisini hədəf alır. Əlbəttə, bu antibəşəri əməllər, hərbi cinayətlər bir yalnız Ermənistan dövlətinin siyasi-hərbi elitasının cinayətləri deyil. Çünki erməni terrorizminə qoşularaq, Azərbaycanda 20 Yanvar (1990-çı il), Xocalı (1992-ci il) və digər türk qırğınlarını gerçəkləşdirmiş Rus Ordu zabitlərinin indiyədək RF-da cəzasız yaşaması, zatən, Qədim Şirvan ölkəsi üzərinə yürüşlər etmiş varyaqların varislərinin öz əcdadlarının əməllərinə ortaq olduqlarını əyani əks etdirir.
Çağdaş qlobal dünyada varyaq prinsipləri ilə yaşamaq ağılsızlıqdır. Kibernetikanın sürətli inkişafı əhalinin say üstünlüyü üzərində qurulmuş köhnə hərbi doktrinaları çoxdan puça çıxarmışdır. Azərbaycan Respublikası öz Ordusunu qısa müddətdə modernizasiyası edərək, bölgədə istənilən aqressora cavab verəcək qüdrətə malikdir. Azadlıq və İstiqlal sevən bir xalqın mənəvi iradəsini heç bir maddi-zorakı güc yenilə bilməz. Hələ XI-XII əsrlərdə Şirvanşahların (III Mənüçöhr və onun oğlu Böyük Axsitanın ) Russlar üzərində quruda və dənizdə tarixi qələbələrini İbrahim Xaqani və Nizami Gəncəvi kimi dühalar tərənnüm etmişlər. Biz, Azəri xalqı olaraq, rus xalqı ilə eyni geopolitik məkanda məskunlaşmışıq. Avrasiya bizim ortaq Vətənimizdir. Odur ki, SSRİ dağılından bəri müstəqil Azərbaycanın Qızıl və Neft yataqlarından gözlərini çəkmək istəməyən Rusiya və onun Hərbi mafiyası işğalçı Ermənistan Ordusunun arxasında indiyədək nə üçün pərdələnib durduğunu Tarixdən gizlədə bilməz.
Bu gün MDB-nin üzvü olan Azərbaycan Respublikası MDB-nin üzvü olan işğalçı Ermənistan Respublikasının hərbi təcavüzündən öz xalqını və ərazisini müdafiə etmək üçün Ədalətli Müharibə aparır. Respublikamızın şəhər və kəndlərinin düşmən orduları tərəfindən raket atəşlərinə tutulduğu bu çətin tarixi günlərdə azadlıqsevər xalqımıza və onun müstəqil Dövlətinə maddi-mənəvi dəstək göstərən bütün qardaş Dövlətlərə bir Avrasiyaçı yazar olaraq dərin təşəkkürümü bildirirəm.
Mən bu İthaf sözlərimi dahi Osmanlı şairi, Türkiyə Cümhuriyyətinin Dövlət himninin mətn müəllifi Mehmed Akif Ersoyun Milli Marş üçün yazdığı Qitəyə (qitələrin ilk sözləri təkrarlanmaqla) nəzirə olaraq qələmə aldığım aşağıdakı şeirim ilə bitirmək istəyirəm.


Milli İstiqlal marşı
Qorxmadıq əsla bir an kimsədən, ey şanlı Vətən!
Canı, ruhuyla bütün Azər(i)baycanlı Vətən!
Bayrağı ulduz, hilal, ey şühəda qanlı Vətən!
Gəncə, Təbriz, Şamaxı, Bakı, Savalanlı Vətən!

Çatmadıq çöhrəmizi afaqa güldükcə hilal,
Bizim olmuş, olacaq daima hürr təxti-cəlal.
Yalnız hürriyyət ilə yüksələcək əqli-kəmal:
Azəri övladıyıq, hürr anamız İSTİQLAL!

Mən əzəldən bəri öz irqimə Turan demişəm.
Haqqıma qəsd edənin taxtına viran demişəm.
Mənə “qan-qan” deyənə “buyur sənə Qan!”
demişəm.
Azəri övladıyam, dostlarıma “CAN” demişəm.

Qərbin afaqını tutmuşsa da hər türlü raket,
Mənəm imanlı Doğu, Batılar bir adi maket.
Yürü, elmi-ürəfam, ucal, ərşi-əlayə yet:
Alimi bir üləma, məscidini mədrəsə et!..

Arxadaş, bir bax özün gör özünü afaqda.
İstər ol köylü, ya da sən də yaşa paytaxtda...
Kamalı , ağlı oturt könül adlı hər taxtda.
Harda olsan, düşün ancaq bu vətən, xalq haqda!

Basdığın toprağın üstündəki gül şəhid qanı:
Güllü gülzara çevir onlar üçün hürr Vatanı!
Sənin uğrunda veribdir şühəda şirin canı.
Mərd isən, mərdlik elə: namərdi yox, mərdi tanı!

Kim bu cənnət Vətəni sevdisə, mömindir əziz!
Uca Allaha odur iman ilə, qəlb ilə düz!!
Bir fikir, bir də əməl içrə qalır həyatda iz.
Damlasan, nəhrə qarış, çünki anandır o Dəniz!

Ruhumu süngü edib, çəkmişəm əflakə sipər:
Qona bilməz bu vətən güllərimə bircə kədər.
Vətənimçin açılır dünyada hər sübhi-səhər,
Vətənimçin çalınır dünyada ən şanlı zəfər!

O zamanlar ki Qılınc idi yazan Tarixə şan,
Fütühat idi bizə layiq olan namü-nişan.
Çevirib dünyamızı Mədrəsə etdi ki QURAN:
Daima qardaş olaq, “Oxu”yub, ey əhli-iman!

Dünya durduqca gücə qarşı durar fikrü-amal!
Allahın lütfüdür, ey Ata, bizə əqlü-kamal!
Dalğalan, şanlı Tuğum! Sönməsin o ulduz-hilal,
Yaşa, var ol, yaşa var ol, ey Milli İstiqlal!..

PS: Tanrı müqəddəs
Vətən torpaqlarımızın azad edilməsi və müstəqil Dövlətimizin ərazi bütövlüyü yolunda işğalçılarla müharibə aparan bütün qəhrəman əsgərlərimizə can sağlığı və Zəfər, şəhidlərimizə isə cənnət qismət eləsin. Cənab Ali Baş komandanımız İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında düşmən üzərində tam Qələbəyədək irəli, AZƏRBAYCAN ƏSGƏRİ!..

AtaTv.az Xəbər portalı
“İctimai Xəbər Agentliyi” MMC

Digər Dünya xəbərləri