02
Ekim
2020
18:28
88
36
22

Müqədddəs Şirvan proyekti, yaxud...

jurnalist Rəsafil Bayramovun yazıçı-publisist Namiq Atabəyli ilə növbəti müsahibəsi
Müqədddəs Şirvan proyekti,  yaxud...
















Sual: (Rəsafil Bayramov):
-Əvvəla, “Şirvanşahlar haqqında saqa” roman-epopeyanızın üçüncü kitabını tamamlayıb nəşrə verməyiniz münasibətilə sizi redaksiya heyəti və virtual oxucularımız adından təbrik edirəm. Mən bu monumental əsərin nəşröncəsi variantını diqqətlə oxudum. İlk təəssüratlarımı isti-isti Müəllif ilə bölüşmək istəyirəm.
Cavab: (Namiq Atabəyli):
-Rəsafil bəy, Redaksiyanızda mənimlə bu xeyirxah Görüş üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Etiraf edim ki, həqiqətən də, bu çətin tarixi və bioloji şəraitdə, Covid-19 pandemiya məhdudiyyətləri çərçivəsində, yəni kitabxanaların bağlı qaldığı, son günlər hətta İnternetin belə “susduğu” vəziyyətdə 1000 səhifəlik bir kitabı tamamlamaq asan olmamışdır. Səbri daşmış bəzi qəzet və e-sayt rəhbərləri Romanımın üçüncü kitabını nəşröncəsi öz oxucuları ilə tanış etmək üçün mənə təkliflər də göndərmişdilər. Mən bu yoldaşların da hər birinə, o cümlədən “Respublika” qəzetinin redaktoru möhtərəm dostum-mürşidim akademik Teymur Əhmədova öz dərin minnətdarlığımı bildirirəm. Daha bir neçə gün də gözləmək kifayətdir: Üçüncü Kitabın oxuculara təhvil veriləcəyi vaxta sayılı günlər qalmışdır.
Sual: - Bu son romanınızı oxucularınız və pərəstişkarlarınız əldə etməkdə çətinlik çəkməyəcəklər ki?
Cavab:- Atalar deyib ki, axtaran tapar... Bilirsiniz ki, mənim əsərlərim satışa çıxarılmır. Bunun iki səbəbi var: əvvəla, Azərbaycanda Kitab satışı sistemi çoxdan dağıdılıb. Kustar üsullarla ayrı-ayrı özəl satış obyektlərinə fərdi şəkildə paylanmaqla intekllektual mülkiyyətdən hər hansı maddi vəsait əldə etmək absurd bir şeydir. Bu satış forması, ola bilsin ki, bəzi pirat ədəbiyyat tacirləri üçün yararlı üsuldur. 20 illik fasiləsiz jurnalistik fəaliyyətimdən sonra, yalnız 2010-cu ildən peşəkar yazıçı kimi İşsiz statusunda bədii ədəbiyyata qədəm qoymuşam. Əvvəllər müxtəlif qəzet və jurnallarda bədii bölməyə rəhbərlik etmişəm. Mətbuatda tam 20 il redaktor, şöbə müdiri, böyük məsləhətçi, müxbir, hətta korrektor da çalışmışam. AYB-nin üzvü olmasam da, onun “Ulduz” jurnalında ədəbi işçi kimi fəaliyyət göstərmişəm. Çox təəsüflər olsun ki, SSRİ-nin dağıdılması ilə Kitab Palatası, Azərİttifaq və aidiyyəti Dövlət komitəsinin bütün kitab satışı Bazaları dağıdıldı və işbaz “optoviklərə” satıldı... Bunula da, Azərbaycan cəmiyyətinin intellektual zümrəsinə ağır zərbə vuruldu. Son on ildə doqquz bədii, bir elmi-nəzəri, bir publisistik kitabım nəşr edilmişdir. Dərc edilmiş minlərcə jurnalistik məqaləm barədə danışmağı isə özüm üçün artıq hesab edirəm. Nə jurnalist yazılarımdan, nə də bədii-elmi kitablarımdan bir qəpik də qonarar almamışam. Onu da deyim ki, qonaradan qaçmış bu nəşrlər siyahısında “Azərbaycan” qəzeti başda gəlir... Bütün əsərlərim oxucuya pulsuz paylanmışdır.
Sual: - “Şirvanşahlar haqqında saqa” roman epopeyanızı qələmə almağa sizi təşviq edən səbəblər nə olmuşdur?..
Cavab:- Mən Avrasiyaçılıq ideoloji yönümlü yazıçıyam. Eyni platformada durduğum rus həmkarlarım keçmiş SSRİ-nin terrorçu ideya rəhbərləri sayılan Lenin, Trotski və Stalin kimi satqın Vətən xainlərinin mənəvi tənəzzülü və bu superdövlətin siyasi süqutundan sonra meydana atılmış neo-liberalların saxta tarixi baxışlarına qarşı böyük Diskurs açmışlar. Mən də indiyədək bu “Folk-histori” ilə məşğul olmuş anti-Şirvan qaragüruhun ifşa olunması üçün posmodern yazışılıq metodunu seçdim. Səmimi etiraf edim ki, bu roman-epopeyam mənim öz opponentlərim ilə ilk açıq Diskursumdur. Rus həmfikirlərim işğalçı monqol arxitipinə qarşı rus arxitipini dirçəltməyi vacib sayıblar. Mən də şirvan arxitipini irəli sürməkdə xalqımın qədim oturaq sivilizasiyasını intibah amili olaraq irəli sürmüşəm. Beləliklə, mənim qədim Şirvan keçmişimin üzərində saxta “paralel tarix” yaradanlara öz şirvanlı Qələmimlə “əlcək atmışam...” 2004-cü ildə Dövlət qulluğundan qanunsuz kənarlaşdırılandan sonra, sabiq Təhsil naziri qaraqoyunlu-tatar Misir Mərdanova yüzlərcə məktub göndərdim: ona məni aparatdan uzaqlaşdırmış Ramiz Mehdiyevin köləsi olan Bəxtiyar Sadıqovun köhnə iş yerim olan “Azərbaycan” qəzetinə geri dönüşümə yol vermədiyini yazıb, Bakıda 10 illik pedaqoji fəaliyyətimə təkrar qayıtmaq istədiyimi bildirdim. Bütün məktublarım cavabsız qaldı. Əvəzində, M.Mərdanovun özünün Nazirlikdə yerləşdirdiyi FETO çetesilə birgə vəzifədən rüsvayçı uzaqlaşdırılmasından sonra, öz müəllimi haqqında “qələmə aldığı” “Müəllimim Qoşqar Əhmədov” kitabında “Müəllim” pedaqoji poemamın “izlərini” gördüm. Misir Mərdanov hətta öz kitabı barədə yazdırdığı resenziyaya da mənim poemamın bir misrasını başlıq vermişdi: “Vətənin fazil insanı-müəllim!” (525-ci qəzet, 20.XI.2017.). Mənə bu poemam barədə İNTERNET üzərindən “İnstogram” səhifəmə təşəkkür yollamış tanımadığım İrina Atabekyanı başa düşməkdə çətinlik çəkmirəm. Amma Misir Mərdanovu heş cür anlamadım. Bu fakt epopeyam üzərində düşünməyə məni vadar edən səbəblərdən biri oldu. Mən uzun əsrlərin anti-Şirvan mühitində zəhərlənmiş beyinləri sağlamlaşdırmaq üçün bədii ədəbiyyatdan qüdrətli vasitə görmürəm.
Sual: - Qədim bir xalqın sayılıb seçilən ziyalılarını öz torpağında işsiz qoymuş bu cür məmurların roman-epopeyadan sonra “tərbiyələnməsi” qəribə görünmürmü?..
Cavab:- İbrahim Xaqani-Şirvani Şirvan taxtını işğal etmiş yadelli Kəsrani-gilani elitaya “Şabran” zindanından belə yazmışdı:
Bənzəyir qandal ayağımda dəyirman daşına,
Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim.

O zaman yadelli Kəsrani-gilanilər başa düşmürdülər ki, şair İbrahimin bu tarixi çağırışı Şirvanşahlar ölkəsində başqa bir İbrahimi də yetişdirə bilər. Mənim posmodern romanımda 1382-ci ilin anti-Kəsrani İnqilabı şirvan xalqının massaget-türk tarixi xəttinə Böyük Qayıdışını simvolizə edir. Romanda Şeyx İbrahim Dərbəndi məhz bu türkləşmənin mərkəzi simasıdır.
Sual:- Sizin roman-epopeyanızda irəli sürdüyünüz ideyalar neoşirvanizm demək deyilmi? Beş əsrlik süquta malik bir tarixi yenidən necə ayağa qaldırmaq olar?..
Cavab:- Mən bir atabəyli kimi azərbaycançılıq məfkurəsinin adamıyam. Amma bir yazıçı-ideoloq kimi həmişə qədim şirvan xalqının Haqqının yanındayam. Axı, bunu necə qəbul etmək olar ki, Qədim Şirvanın oturaq sivilizasiyasını yox etmək naminə AMEA-nın aidiyyəti institutları hələ də X əsrin ən qüdrətli şair-filosofunu bakılı olduğu üçün Ədəbiyyat tariximizdən uzaqlaşdırmaqda israrlıdırlar. Onlara bu haqqı kim verib? Baba Dağ Bakuvinin (933-1050) “Divan”ı niyə öz Vətənində işıq üzü görməməlidir? Mən AMEA-nın prezidenti cənab Ramiz Mehdiyevin anti-Şirvan platformasından kifayət qədər məlumatlıyam. Yan-yörəsinə yığılmış naxçıvanlı müavinləri və İnstitut direktorları da onun şanlı davamçılarıdır. Ramiz Mehdiyevi bütün dünya islahedilməz bir “regionçu” olaraq tanıyır. Şirvan böyükdövlətçiliyi ilə xırda regional “tayfaçlığı” bir-birindən ayıra bilməyən bu şəxsin Akademiyaya necə rəhbərlik etdiyində işim yoxdur?! Onun Naxçıvanda ən qədim mədəniyyət abidəsi hesab olunan “Qarabağlar” kompleksi üzərindəki kitabə üzərindəki yazılardan xəbərsiz olduğunu da güman etmirəm. Rus varyaqları ilə azadlıq müharibəsi zəminində Dərbənd divarları arxasından Naxçıvan ərazisinə köçürülmüş əhali üçün bu kəngərli-qıpçaq şəhərini XI əsrdə Şirvanşah III Mənuçöhr saldırmışdır... O Məniçöhr ki, özünün və oğlu I Axsitanın hakimiyyəti illərində indi adına “Xəzər” deyilən Şirvan dənizinin şəriksiz ağası olmuşdur. Mən bir daha bəyan edirəm: Qədim Şirvan xalqına və onun mədəniyyətinə qarşı elmi-tarixi baxımdan Araz çayının qüzeyində duruş gətirə biləcək heç bir mənəvi keçmiş yoxdur.
Sual:- “Neoşirvanizm”- Azərbaycan xalqının yeni tarixi inkişafı üçün irəli sürülmüş ”Üçüncü Yol” anlamına gəlmirmi?
Cavab:- Bəli, bu məhz Üçüncü Yoldur. Mənim Avrasiya yönümlü bir yazıçı-publisist olaraq qəbul etdiyim 50 illik qənaətim bundan ibarətdir. Bizim ölkəmizə bu gün Üçüncü inkişaf yolu lazımdır. Bu ideyanı mən hələ tələbəlik dövrümdə, ötən əsrin 70-80-ci illərində irəli sürmüşəm. Respublika tələbələrinin VIII Elmi-konfransında “Qızıl Medal”a layiq görülmüş “Sərbəst şeirin poetikası” elmi-tədqiqat əsərim oxucular arsında məşhurdur. Bu sanballı elmi- nəzəri tədqiqat əsərimi sonradan üzərində kiçik əlavə və düzəlişlərimlə 2017-ci ildə Bakı şəhərində “Azad şeir və onun poetikası” adı ilə kitab şəkilində ilk dəfə nəşr etdirmişəm. Mən bu əsərimlə hələ o dövrün qırmızı ideoloqlarının Qara Dəftərində özümə “layiqli yer” qazanmışdım. Universitet Elmi Şurasının qərarı ilə Aspiranturada saxlansam da, SSRİ Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətə göndərildim. Sovet Ordusundan tərxis olunmuş zabit kimi Elmi Şuranın qərarını əldə əsas tutub sənədlərimi Azərbaycan Dövlət Universitetinin Aspiranturasına yenidən təqdim etmək istədim: iki illik filoloji staj tələb etdilər. Stajımı düzəldib təkrar sənədlərimi təqdim elədim: bu dəfə sənədlərimi üstümə atıb, məni açıq-aşkar surətdə birdəfəlik rədd etdilər. Bilirsinizmi kim idi bu cür əndərabadi əməllərin baş dəstəkləyicisi: Azər.KP MK-nın İdeoloji katibi Ramiz Mehdiyev.
Sual:- Namiq müəllim! Sizcə, III Yol nəzəriyyəsi bu gün hərbi-siyasi və milli münaqişələrə cəlb edilmiş Azərbaycan cəmiyyətinə nə kimi fayda gətirə bilər?
Cavab:- 500 il bundan əvvəl FARS şiə idelogiyasının daşıyıcıları tərəfindən süquta uğradılmış əhli sünnət Şirvanşahlar dövləti şirvan xalqı tərəfindən əsarətdə və azadlıqda əsrlərcə müqəddəs tutulmuş dini-ideoloji konsepsiyanın da qoruyucusu olmuşdur. Şirvanşahların ata nəsli Qafqaza İslamiyyəti gətirmiş sərkərdələrdir. Onlar bir-başa Allahın son Rəsulunun soyundan gələnlərdir. Bu gün Azərbaycan Respublikası qonşu Ermənistan tərəfindən yenidən müharibəyə cəlb edilmişdir. Ermənistanın silahlı Qüvvələri Azərbaycan Respublikasının ərazisində işğalçı müharibə aparır. BMT tərəfindən bərabər hüquqlu üzv kimi tanınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək verən ölkələr və cəmiyyətlər (Türkiyə, Pakistan, Ukrayna, Polşa, Liviya, Gürcüstan...) arasında Fars Şiizmini görmürük. Qədim Şirvanşahların oturaq sivilizasiyasını da məhz İran-fars şovinizmi süquta uğratmışdır. Hansı etnik gücün hüsabına?- Ağ və Qara tatarların, yəni ağqoyunluların və qaraqoyunluların yürüşləri ilə. Biz şirvan xalqının tarixi haqqını özünə qaytarmalıyıq. Bu şanlı keçmişi Şirvanşünaslıq elmi öyrənməlidir. Hər hansı albanşünaslıq və ya aqvanşünaslıq Şir tinətlilərin qədim oturaq sivilizasiyasını bu məğrur xalqın yaddaşından silə bilməz. Keçmişə münasibət gələcəyin də açarıdır.
Sual:- “Müqəddəs Şirvan” doktrinası hardan qaynaqlanır?..
Cavab:- Nə 1920-ci ilin bolşevik, nə də 1991-ci ilin liberal inqilabları Azərbaycan cəmiyyətini xoşbəxtliyə qovuşdurdu. Bu, eynən rus xalqı üçün də belə oldu. Avrasiya yönümlü rus ziyalıları əksəriyyətlə “Müqəddəs Russ” a qayıdışın vacibliyini irəli sürmüşlər. Onlar rus çarının devrilməsini Allahsızlıq və Böyük Günah kimi qəbul eləmişlər. Məsələn, L.Reşetnikovun “Rusiyaya dönüş: Üçüncü Yol, yoxsa ümidsizlik dalanları” (Moskva-2014) adlı əsərində Rus üçüncü yolunun Provaslav konsepsiyası ətraflı şəkildə izah olunub. Bildiyimiz kimi, Çar Rusiyası öz tarixi varlığı ərzində “Ermənistan” adlı dövlətin yaranmasına yol verməmişdir. Halbuki Qafqaza rus ayağı çoxdan dəymişdi. Ruslar XII əsrdə onları bu ərazidə- həm dənizdə, həm də quruda məğlub edən yeganə tarixi gücün Şirvanşahlar olduğunu unutmamışdılar. Qafqazda mif və uydurmalardan yaradılmış “Qədim Ermənistan” dövlətçiliyi çarizmin süqutunun məhsuludur. Bu ideya 1918-ci ildə Avropada liberalizm şüarları ilə yedizdirilmiş anti-çar satqınların xəstə təfəkkürünün sayəsində gerçəkləşdirildi. Müasir rus istoriyasofiyası üçün bu məsələdə qaranlıq mətləb yoxdur. QAFQAZ coğrafiyası yalnız qədim bir tarixi dövlətçilik faktını tanıyır: Şirvanşahlar tarixi! Azərbaycanın qüzey coğrafiyasını müxtəlif köçəri tayfaların yazısız “mədəniyyətinin” arxivinə çevirmək bu qədim diyarın klassik mədəniyyətini, oturaq sivilizasiyasını inkar etmək deməkdir. Biz şirvanşünaslıq elmi kimi yeni tarixi baxışın hələ ilk pioneriyik. Şirvanşahların bizə miras qoyduğu müqəddəs islami dəyərlər, doğma dil, doğma tarix, doğma ədəbiyyat mənəvi inkişafımızın yeganə yol xəritəsidir. Bunsuz biz yaşadığımız coğrafiyada heç kəsik.
(ardı növbəti saylarda)
PS: Bu dəqiqələrdə Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda işğalçı Ermənistan ordusu ilə vuruşan qəhrəman əsgərlərimizə növbəti Vətən müharibəsində yeni qələbələr arzulayırıq.
Cənab Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi altında irəli, Azərbaycan əsgəri!..

AtaTv.az Xəbər portalı.
“İctimai Xəbər Agentliyi” MMC.

Digər Dünya xəbərləri