06
Haziran
2020
12:38
88
36
10

Qıcolma zamanı dil qatlana bilər?

Qıcolma zamanı dil qatlana bilər?5 yaşına qədər uşaqlarda yüksək qızdırma fonunda qıcolmaların (el arasında "sudorqa") baş verməsinə kifayət qədər tez-tez rast gəlinir.

Belə qıcolmalara “febril qıcolmalar” deyilir. Febril qıcolmalar zamanı valideynlərin ən çox qorxduğu dilin qatlanmasıdır. Qıcolma zamanı dil həqiqətən qatlana bilərmi? Bu sualın cavabını tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin saytında tapmışıq.

Atamedia.az bildirir ki, tanınmış həkimin sözlərinə görə febril qıcolmalardan qorxmaq lazım deyil. Qıcolmalar uşağı öldürə və ya hər hansı xəstəliyə səbəb ola bilməz. Lakin qıcolma normal qızdırma fonunda inkişaf edibsə bu artıq ciddi simptomdur və belə uşaq mütləq diqqətlə müayinə olunmalıdır.

Komarovskinin sözlərinə görə qıcolma zamanı bədənin bütün əzələləri gərgin vəziyyətdə olur. Dil də əzələ olduğundan sərtləşir və onun qatlanması və bunun nəticəsində nəfəs yollarının tutulması mümkün deyil.

Uşaqda qıcolma baş veribsə onun qol və ayaqlarını zorla “düzləşdirmək”, uşağı özünə sıxmaq, ağzına hər hansı əşya (qaşıq, qələm, dəsmal və s.) salmaq olmaz. Sadəcə uşağa nəzarət etmək, uşağın başının altına yastıq qoymaq və hər hansı əşyalara (mebel və s.) dəyərək zədələnməkdən qorumaq lazımdır. Adətən qıcolma 2-3, bəzən 5 (bundan çox yox) dəqiqədən sonra qurtarır və uşaq dərin yuxuya gedir. Bu halda da uşağı silkələmək, oyatmaq və s. olmaz.

Qıcolma qurtaranda əzələlər boşalır və məhz burada dilin qatlanması mümkün olur. Dilin qatlanmasının qarşısını almaq üçün uşağı böyürü üstə qoyun. Həmçinin qıcolma qurtarandan sonra uşaqda qusma ola bilər. Uşaq böyürü üstə uzandıqda qusma kütlələrinin nəfəs yollarına düşməsi mümkünsüz olur.

Uşaqda qıcolma başlayanda dərhal “təcili yardım” çağırın və həkimlər gələnə qədər uşağı tək qoymayın!

Digər Dünya xəbərləri